Course Image

Xeyriyyəçi - iş adamı Xuraman Muradova Fəxri Professor seçildi

  • Tarix 2023-10-12 06:27:45

Ölkəmizdə tibb sənayesinin inkişafında göstərdiyi xidmətlərə, yüksək idarəçilik qabiliyyətinə, humanist sahibkarlıq fəaliyyətinə və xüsusilə şəhid ailələrinə, onların valideynlərinə, qazi və əsgərlərimizin müayinə və müalicəsinə göstərdiyi hərtərəfli xeyriyyəçilik fəaliyyətlərinə görə tanınmış iş adamı Xuraman Muradova “Vektor” Beynəlxalq Elmlər Akademiyasının Fəxri Professoru ünvanına layiq görülmüş, “Fəxri Xeyriyyəçi” beynəlxalq diplomu və “Fəxri Ziyalı” beynəlxalq mükafatı ilə təltif edilmişdir.

Xuraman İsmayıl qızı Muradova 22 avqust 1965-ci ildə Goranboy rayonunun  Xanqərvənd kəndində anadan  olub . 1982 - ci ildə  Xanqərvənd kəndində orta məktəbi əla qiymətlərlə bitirib. 1982-1987-ci illərdə Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetində  təhsil alıb.

1990-cı ildən Azərbaycan Dövlət Maddi Texniki Təchizat Nazirliyində mühəndis vəzifəsində  işləməyə başlayıb. Sonra "Laçın"  kiçik müəssisəsini yaratmış və həmin  müəssisənin nəzdində "Laçın" klinikası fəaliyyət göstərməyə başlamışdır. 2014-cü ildə dünya səviyyəli tibbi avadanlıqlarla təchiz olan və təkcə Azərbaycanda yox, qonşu Rusiyada, Gürcüstanda, İranda va Orta Asiya ölkələrində də tanınan, Avropa standartlarına cavab verən "Milan"  Hospitalını yaradaraq, bu təşkilata rəhbərlik etməyə başlayıb. Bu hospital Avropa Tibb Assosiasiyasının va EPMA- nın fəxri üzvüdür.

X.Məmmədova sahibkar kimi fəaliyyət göstərdiyi  illərdə çoxlu mükafatlar və Fəxri Fərmanlarla təltif olunub.

O, 44 günlük Vətən müharibəsi dövründə və ondan sonra şəhid ailələrinin, onların valideynlərinin, qazilərin  "Milan" Hospitalında təmənnasız müalicə və müayinəsinə görə, Şuşa fatehi, Xüsusi Təyinatlı Qüvvələr komandanı, general-polkovnik Hikmət Mirzəyev tərəfindən, Əlahiddə Ümumqoşun Ordu komandanının birinci müavini, Qərargah rəisi, general-mayor Fazil Ağalarov və N saylı Hərbi hissə komandirləri  tərəfindən Fəxri Fərmanlarla təltif olunub. 

Xuraman xanım Dünya Azərbaycanlıları Diaspor təşkilatının  "Buta" mükafatına  layiq  görülmüş, Azərbaycan Sahibkar qadınlar ictimai birliyi tərəfindən “Xurşidbanu Natəvan” adına mükafatla təltif olunub.

2021-ci ilin dekabr ayında Avropa Tibb Assosiasiyası tərəfindən Xuraman xanım  Oksford Akademiyasının Fəxri professoru seçilib.

Hal-hazırda Xuraman xanım həm də bədii yaradıcılıqla məşğul olur. 2023-cü ildə "Sənə məktub yazacam" adlı şeirlər kitabı şap olunub. Şeirlərinə çoxlu sayda sevilən mahnılar bəstələnmişdir.