Course Image

TÜRKÜSTANDA “MOLLA PƏNAH VAQİF İLİ”

  • Tarix 2020-04-12 14:11:54

Türk dünyasının ünlü şairləri Molla Pənah Vaqifin 300 illik yubileyini 24-27 avqust 2017-ci il tarixində Türküstanda qeyd ediblər.

Məlum olduğu kimi, TÜRKSOY təşkilatı, o cümlədən UNESCO tərəfindən XVIII əsr Azərbaycanın klassik şairi, böyük söz ustadı, ictimai-siyasi xadim Molla Pənah Vaqifin anadan olmasının 300 illiyi ilə əlaqədar 2017-ci il  “Molla Pənah Vaqif ili” elan olunub.

Bu münasibətlə dünyanın müxtəlif yerlərində böyük şairə həsr olunmuş tədbirlər düzənlənir. “Vaqif ili”  çərçivəsində “Türk Dünyası şairlər buluşması” adlı tədbir 24-27 avqust tarixində TÜRKSOY-un təşkilatçılığı TİKA-nın dəstəyi, Dünya Yazarlar və Aydınlar Dərnəyi, Xoca Ahmet Yasəvi Universiteti, Qazaxıstan Mədəniyyət və İdman Nazirliyi, Güney Qazaxıstan Vilayəti Valiliyi və Türküstan Bələdiyyəsinin əməkdaşlığı ilə Qazaxıstanın Türküstan şəhərində baş tutub. Qeyd edək ki, böyük Xoca Əhməd Yasəvinin vətəni Türküstan şəhəri 2017-ci il Türk dünyasının Mədəniyyət paytaxtı adlanıb.

Törənə “Türk Dünyası şairlər buluşması”nın açılış mərasimi avqustun 25-də Xoca Əhməd Yasəvi Universitetində olub. Qazaxıstan, Azərbaycan, Qırğızıstan, Özbəkistan, Türkiyə, Qaqauz Yeri, Başqırdıstan, Dağıstan, Saxa-Yakutiya və Tatarıstan təmsilçiləri qatılıblar.

Tədbirdə Azərbaycanı Atatürk Mərkəzinin baş redaktoru publisist-şair Dəyanət Osmanlı və Vektor  Elm Mərkəzinin prezidenti, şair, Prof. Dr. Elçin İsgəndərzadə təmsil edib.

Açılış törənində Güney Qazaxıstan bölgəsi vali yardımçısı Ulasbek Sadibekov, Türküstanın Bələdiyyə başqanı Alibek Öserbeyev, TÜRKSOY-un Qazaxıstan təmsilçisi Askar Turganbaev, Dünya Yazarlar və Aydınlar Dərnəyi başqanı Osman Baş, Xoca Əhməd Yasəvi Unuversitetinin rektor vəkili Prof.Dr. Mehmet Kutalmış açılış mərasimində çıxış ediblər.

Sonra Molla Pənah Vaqifə həsr olunmuş film nümayiş olunub. Qazaxıstanın ünlü musiqi xadimlərinin ifaları dinlənilib.  Publisist-şair Dəyanət Osmanlı  “Molla Pənah Vaqif və Azərbaycan ədəbiyyatı” mövzusunda məruzə söyləyib, böyük şairin kimliyi və yaradıcılığı barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. 

Rəsmi hissənin ardından Kojageldi Kuliyev (Qırğızıstan), Elçin İsfəndərzadə (Azərbaycan), Hayreddin İvgin, Ayhan Nasunbeyoğlu (Türkiyə), Dəyanət Osmanlı (Azərbaycan), Ahat Salihov (Başqırdıstan), Güllü Qərənfil (Qaqauz Yeri), Rifat Salahov (Tatarıstan), Zinaida Arxipova (Saxa-Yakutiya). Baqavutdin Samadov (Dağıstan), Muratxan Şokan, Bakidjan Aldiya (Qazaxıstan) ölkələri adına şeirlər söyləyiblər.

Tədbirlər Türküstanın müxtəlif elm, mədəniyyət mərkəzlərində Kitabxana və muzeylərdə davam etdirilib.