7-14 iyul 2010-cu il tarixlərində Rumıniyanın Buxarest və Kurtea de Argeş şəhərlərində “Orient-Occident” (“Şərq-Qərb”) Beynəlxalq Şeir Akademiyası tərəfindən 14-cü Dünya Şeir Festivalı keçirilmişdir. Azərbaycanlı şairlərin ilk dəfə iştirak etdiyi bu festivalda ölkəmizi professor Elçin İsgəndərzadə təmsil etmişdir.
Əlliyədək ölkənin, o cümlədən ABŞ, Kuba, Rusiya, Türkiyə, Yunanıstan, Lüksemburq, Fransa, Almaniya, İspaniya, Belçika, Meksika və digər ölkələrin şairlərinin iştirak etdiyi bu festivalda hər il dünya poeziyasına böyük xidmətlər göstərmiş bir nəfər şairə Beynəlxalq jürinin qərarı ilə “The World Grand Prize for Poetry” (“Dünya Böyük Şeir Mükafatı”) verilir.
Bu ilki Dünya Böyük Şeir Mükafatı professor Elçin İsgəndərzadəyə verilmişdir.
Xatırladaq ki, indiyədək Dünya Böyük Şeir Mükafatının laureatları Mixail Rengiov (Makedoniya, 1997), Manuel Diaz Martinez (Kuba, 1998), Alberto Estima de Oliveira (Portugaliya, 1999), Con F. Deane (İrlandiya, 2000), Satoko Tamura (Yaponiya, 2001), Naji Naaman (Liviya, 2002), Antonio Porpetta (İspaniya, 2003), Şarl Dobzunski (Fransa, 2004), Xorxe Migel Kokom Peç (Meksika, 2005), Çad Faries (ABŞ, 2006), Tarek Əltayev (Misir, 2007), Suleyman Əl-Hukmiyya (Suriya, 2008) və Martin Aleksandr (İngiltərə, 2009) olmuşlar.
Professor Elçin İsgəndərzadə bu ali şeir mükafatına layiq görülmüş ilk Türk Dünyası şairidir.
Festival çərçivəsinda şairin Beynəlxalq Şeir Akademiyası tərəfindən rumın dilində yayınlanmış “Pəncərə möcüzəsi” adlı kitabının təqdimat mərasimi də keçirilmişdir. Bu, Elçin İsgəndərzadənin xaricdə yayınlanmış 28-ci kitabıdır.
Şairin rumın dilində çap olunmuş “İşıq qanadlı quş” adlı ilk kitabı 2005-ci ildə Azərbaycanın Rumıniyadakı səfirliyi tərəfindən yayınlanmışdır.