Xəbərlər

ANKARADA ÇİNGİZ AYTMATOV ÖDÜL TÖRƏNİ

ANKARADA ÇİNGİZ AYTMATOV ÖDÜL TÖRƏNİ

2008-ci ildə Türk dünyasının və dünya ədəbiyyatının lider yazarlarından biri olan Çingiz Aytmatovun vəfatından sonra böyük yazıçının xatirəsini əbədiləşdirmək məqsədilə Atatürk Tarix, Dil və Kültür Yüksək Kurumu Başkanı Prof. Dr. Sadık Kemal Turalın təşəbbüsü ilə Qaziantep Sənət Topluluğu tərəfindən Beynəlxalq Aytmatov Ədəbiyyat mükafatı təsis edilmişdir. Mükafatın hər il Türk Dünyası ədəbiyyatına böyük xidmətləri olan bir nəfərə təqdim olunması qərara alınıb.

6 mart 2009-cu il tarixdə Atatürk Tarix, Dil və Kültür Yüksək Kurumunun toplantı salonunda Çingiz Aytmatov adına Beynəlxalq Ədəbiyyat mükafatının ilk təqdimat mərasimi keçirildi.

Türkiyənin tanınmış ziyalılarının, elm və mədəniyyət xadimlərinin, şair və yazarların iştirak etdiyi təqdimat mərasimini başqan Prof. Dr. Sadık Kemal Tural açaraq ilk öncə sözü mükafat komissiyasının sədrinə və üzvlərinə verdi.

Mükafat komissiyasının sədri şair-araşdırmaçı Əminə Sevinc Öksüzoğlu Çingiz Aytmatovun dünya ədəbiyyatında tutduğu ucalıqdan danışaraq dahi Türk-Qırğız yazarının adını daşıyan mükafatın birincisini Azərbaycandan «VEKTOR» Beynəlxalq Elm Mərkəzinin prezidenti Prof. Dr. Elçin İsgəndərzadəyə təqdim edilməsi haqqında qərarlarını açıqladı. O,  Elçin İsgəndərzadənin elmi-ədəbi-kültürəl fəaliyyətlərindən bəhs edərək sağlığında Çingiz Aytmatovla E. İsgəndərzadənin yaxın dostluq münasibətlərindən və Aytmatovun onun yaradıcılığına və elm-mədəniyyət xadimi olaraq Türk Dünyasına verdiyi xidmətlərə böyük rəğbət bəslədiyini bildirdi.

Mükafat komissiyasının sədr müavini İsmət Bora Binatlı və mükafat komissiyasının üzvü Mehmet Nuri Barmaksız çıxış edərək yekdilliklə Prof. Dr. Elçin İsgəndərzadənin bu mükafata layiq olması haqqında danışdılar.

Prof. Dr. Sadık Kemal Tural Çingiz Aytmatovla 20 illik dostluq tarixində onunla çoxsaylı görüşləri haqqında xatirələrini söyləyərək 2 ay öncə bu salonda Prof. Dr. Elçin İsgəndərzadə ilə birlikdə İLESAM Türk Dünyası Elminə və Ədəbiyyatına Xidmət Beynəlxalq mükafatını almalarını xatırlayaraq mükafat komissiyasının qərarını tam dəstəklədiyini bildirdi və təntənəli şəkildə mükafatı E. İsgəndərzadəyə təqdim etdi.

Mərasim iştirakçıları Prof. Dr. Nail Tan, Prof. Dr. İsa Kayacan, Vali Halil Nemətoğlu, Oktay Öksüzoğlu və digərləri laureatı təbrik edərək ürək sözlərini söylədilər.

Çingiz Aytmatov adına Beynəlxalq Ədəbiyyat mükafatının gələn ildən Türkiyə Mədəniyyət Nazirliyi və Atatürk Tarix, Dil və Kültür Yüksək Kurumu ilə birlikdə verilməsi haqqında qərar alındı.          

 

↑