“VEKTOR” Beynəlxalq Elm Mərkəzinin əməkdaşları ilə dünya şöhrətli yazıçı Çingiz Aytmatovla görüş keçirilmişdir.
Görüşü Mərkəzin prezidenti, professor Elçin İsgəndərzadə açaraq Akademiyanın məşhur yazıçı ilə dostluq və əməkdaşlıq əlaqələrindən söhbət açmışdır. O, bildirmişdir ki, Akademiya əməkdaşlarının və şəxsən özünün Belçika, Qırğızıstan və Türkiyədə dəfələrlə Ç.Aytmatovla görüşləri elmi və ədəbi əməkdaşlıq baxımından çox məhsuldar olmuşdur.
Professor Elçin İsgəndərzadə Respublika Prezidenti cənab İlham Əliyev tərəfindən Çingiz Aytmatovun «Dostluq» ordeni ilə təltif edilməsini yüksək dəyərləndirərək, bu ali təltifin bütün Azərbaycan aydınlarının ürəklərincə olmasını söyləmişdir. O, Türk Dünyası Araşdırmaları Akademiyası tərəfindən bir qrup Azərbaycan alimlərinin Qırğızıstan dövlətinin dəvətilə həmin ölkədə keçirdikləri yüksək səviyyəli görüşlərdən ətraflı danışaraq Azərbaycanlı professor Əli Əliyevin adına Qırğızıstan-Azərbaycan dostluq körpüsünün təntənəli açılışından geniş bəhs etmişdir.
“VEKTOR”un prezidenti Çingiz Aytmatova Mərkəzin Fəxri Doktoru diplomunu və «Türk Ədəbiyyatına xidmət» Beynəlxalq mükafatını təqdim etmişdir.
Tədbirdə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının vitse-prezidenti professor Əli Əliyev, Prezident Aparatının sektor rəhbəri Qafar Əliyev, Türkiyə Səfirliyinin təhsil müşaviri Səlahəddin Dikmən, şair Çingiz Əlioğlu və digər iştirakçılar çıxış edərək, Çingiz Aytmatovu layiq görüldüyü mükafatlar münasibətilə təbrik etmiş və onun Azərbaycan xalqının böyük dostu olaraq dünya ədəbiyyatına verdiyi əvəzsiz töhfələrdən söz açmışlar.
Tədbirdə Azərbaycanın Qırğızıstan Respublikasında və Qazaxıstanın Azərbaycan Respublikasındakı səfirləri iştirak etmişdir.