Ənənəvi olaraq düz altı ildir ki, Türk millətinin böyük klassiklərindən biri olan Qaracaoğlanın vətəni, Türkiyə Cumhuriyyətinin ən böyük ilçəsi olan Tarsusda Beynəlxalq Qaracaoğlan Şeir Şöləni keçirilir. Hər il dünyanın iyirmiyədək ölkəsindən və Türkiyənin müxtəlif vilayətlərindən bu tədbirə dəvət olunan görkəmli şairlər və sənət adamları arasında Azərbaycana xüsusi diqqət göstərilir.
Bütün Tarsus xalqının böyük sevgi və həyəcanla qatıldığı bu ilki VI. Uluslararası Qaracaoğlan Şeir Şöləni daha bir özəlliyi ilə tarixə və yaddaşlara həkk olundu. Uluslararası Şölən çərçivəsində Tarsusa dəvət olunmuş Bakı şəhəri Xətai rayon Xətai Bələdiyyəsinin sədri Arif Abbasovla Tarsus Bələdiyyəsinin sədri Bürhanəddin Kocamaz arasında Tarsus və Xətai Bələdiyyələrinin qardaşlaşması haqqında rəsmi saziş imzalandı.
Beynəlxalq toplantının açılış günü hər iki Bələdiyyə sədri çıxış etdilər. Bürhanəddin Kocamaz Tarsus Bələdiyyə Məclisinin və Tarsus xalqının Türk dünyası ölkələrinə böyük sevgi və sayğı ilə yanaşdıqlarını dilə gətirərək məhz bu amacla hər il Türk Dünyası aydınlarını Tarsusa topladıqlarını söylədi. Özəlliklə qardaş bələdiyyə seçimi zamanı Azərbaycana və Bakının ən böyük bələdiyyəsi olan Xətai rayon Xətai bələdiyyəsinə üstünlük verdiklərini söyləyən natiq qardaş bələdiyyə sazişinin imzalanmasına böyük ümidlər bəslədiyini və bu sazişin hər iki bələdiyyənin gələcək həyatında önəmli rol oynayacağını xüsusi vurğuladı.
Xatırladaq ki, Tarsus Türkiyənin Adana və Mersin vilayətləri arasında yerləşmiş təkcə Türkiyə Cumhuriyyətinin deyil, bütün dünyanın ən qədim yaşayış yerlərindən biri hesab olunur. Səkkiz min illik tarixə malik, dünyanın bir çox mədəniyyət və dinlərinə ev sahibliyi yapan bu şəhərdə indi üç yüz mindən çox əhali yaşayır.
Tarsus Əshabi-Kehf mağarası, Hz. Daniel Peyğəmbərin türbəsi, Aziz Paulç quyusu, Ulu Camisi, Şəlaləsi, Kleopatra qapısı, Nüsrət Mayın Gəmisi, Antik Roma yolu və digər tarixi və turistik dəyərləri ilə bütün dünyada məşhur olan bir şəhərdir.
Üçüncü dəfə bələdiyyə başqanı seçilərək on dörd ilə yaxın bu vəzifədə çalışan bələdiyyə başqanı Bürhanəddin Kocamazın böyük zəhmət və qeyrəti sayəsində Tarsus bələdiyyəsi bu gün təkcə Türkiyənin deyil, bütün dünyanın bələdiyyə institutları içərisində ən öncül yerlərdən birini tutur.
Hər iki bələdiyyənin qardaş bələdiyyə sazişi çərçivəsində çox böyük fəaliyyətlər həyata keçirəcəyinə inanır və bu işdə onlara böyük uğurlar və nailiyyətlər arzulayırıq.