Course Image

KEÇİÖRƏN BƏLƏDİYYƏSİNDƏ AZƏRBAYCAN VƏ TÜRK DÜNYASI SEVGİSİ

  • Tarix 2020-04-08 11:47:39

Türkiyənin parlayan ulduzlarından biri olan Keçiörən Bələdiyyəsi və onun dəyərli başqanı Turğut Altınokla «Vektor» Beynəlxalq Elmlər Akademiyasının tanışlığı və əlaqəsi üç il öncəyə təsadüf edir.

2004-cü ildə Ankara şəhərində Dünya Gənc Türk Yazarlar Birliyi və İLESAM-ın birgə həyata keçirdikləri II. Beynəlxalq Füzuli Şeir Yarışması və Türk Dünyası Şeir Şöləni çərçivəsində Bilkənt Universiteti Mütəvəlli heyət başqanı Prof. Dr. İhsan Doğramacı, TİKA başqanı Dr. Hakan Fidanla bərabər Turğut Altınok və «Vektor» başqanı Prof. Dr. Elçin İsgəndərzadə də «Türk dünyasına xidmət»  Beynəlxalq ödülünə layiq görülmüşdülər.

Turğut bəy bu yüksək mükafata Türk dünyasına mutluluk gətirən çevrə düzənləmələri, türk ruhuna həyat verici ciddi xidmət və çalışmalarına, E. İsgəndərzadə isə «Bayatı» dərgisində Türk kültürünü tanıtım nöktəsində əvəzsis xidmətlərinə görə layiq görülmüşdülər.

Həqiqətən də uzun illərdir ki, Turğut Altınokun rəhbərliyi altında Keçiörən Bələdiyyəsində həyata keçirilən abadlıq, inkişaf və mədəniyyət sahəsindəki uğurları görən və məlumatı olan hər bir kəs böyük fantastik nailiyyət kimi dəyərləndirir.

Fikrimizə dəstək olaraq hörmətli bələdiyyə başkanımızın Estergon Türk Kültür Mərkəzi kitabına yazdığı girişdən bir sitat gətirək:

- «Milletleri millet yapan, onları geleceğe taşıyan geçmişleri ve kültürleridir. Türk Milleti de şanlı tarihi boyunca bir çok kültür ve medeniyet örnekleri ortaya koymuşdur. Bu medeniyeti ve kültürü yaşatmak ve geleceye taşımak çok büyük bir önem taşımaktadır. Keçiören Belediyesi olarak örnek belediyecilik hizmetlerimizden biri de tarihi ve kültürel değerlerimize verdiğimiz önem ve bu konudaki çalışmalarımızdır. Selçuklu ve Osmanlı sanatının izlerini taşıyan belediye hizmet binamız, bunu tamamlayan Orhun Abideleri ve tarihdeki Türk Devletlerinin kurucularının büstlerinden sonra, yine Türk tarihinde önemli bir yeri olan, adını şiirlere, şarkılara konu olan Macaristandaki Estergon Kalesinden alan Estergon Türk Kültür Merkezimiz tamamlanmış bulunuyor.»

Keçiörən Bələdiyyəsinin Azərbaycan və digər türkdilli ölkələrlə çox sıx dostluq və qardaşlıq əlaqələri mövcuddur.

11 noyabr 2006-cı ildə Keçiörən Bələdiyyəsi Yaşlılar Köşkü Konsert salonunda düzənlənən «Vektor» Beynəlxalq Elm Mərkəzinin  ödül törəni bu qardaşlıq əlaqələrinin gündən-günə genişlənməsinin əvəzsiz bir təzahürü oldu.

Bələdiyyənin Təhsil və Mədəniyyət şöbəsinin müdiri Hayrettin Hasgülün idarə etdiyi təqdimat mərasimini giriş sözü ilə açan Bələdiyyə Başkanı Turğut Altınok bütün qonaqları salamlayaraq Azərbaycan və Türk Dünyasına sevgilərindən bəhs etdi.

Sonra «Vektor»  başqanı Prof. Dr. Elçin İsgəndərzadə Türk Dünyası birliyinin inkişaf perspektivlərindən söz açaraq «Vektor» Elmi Şurası tərəfindən Turğut Altınokun və Əhməd Yəsəvi Universiteti Vəkfi başqanı Namik Kamal Zeybəkin Fəxri doktor ünvanı və sunucu Zeynəb Köşkərin Türk dünyasına xidmət ödülü ilə təltif edilmələrini bildirdi.

Fəxri doktor ünvanları və mükafat sahiblərinə təqdim edildi. Sonra Turğut Altınok, Namik Kamal Zeybək və Zeynəb Köşkər təşəkkür nitqi ilə çıxış edərək Türk dünyasının qardaşlıq əlaqələrinin daha da inkişafı və genişləndirilməsi  sahəsindəki  fəaliyyətlərini intensiv olaraq davam etdirəcəklərinə söz verdilər.

Tədbirdə çıxış edən Doç. Dr. Tamilla Abbasxanlı Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin dünəni və bugünü haqqında çox dəyərli fikirlər söylədi.

Tədbirin sonunda Türkiyə Mədəniyyət Nazirliyinin Türk Dünyası Müzik Topluluğunun konserti böyük maraq və alqışlarla qarşılandı.