Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda VEKTOR Beynəlxalq Elmlər Akademiyasının təsis etdiyi Şahmar Əkbərzadə adına Beynəlxalq ədəbiyyat mükafatının təqdimetmə mərasimi keçirilib.
Tədbirdə tanınmış qələm adamları, xarici qonaqlar, görkəmli mədəniyyət və elm xadimləri, keçmiş və yeni mükafatçılar, media nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan AYB-nin katibi Elçin Hüseynbəyli mükafatın Azərbaycan ədəbiyyatında xüsusi yeri olan Şahmar Əkbərzadənin adına təsis olunmasının önəmini vurğulayıb: “Elçin İsgəndərzadəni hələ gəncliyimizdən tanıyıram. Onun ədəbiyyatın inkişafında, təbliğində ardıcıl və davamlı fəaliyyətini hər zaman yüksək dəyərləndirirəm. Elçin İsgəndərzadənin bu mükafatla Şahmar Əkbərzadə adını yaşatması da çox gözəl hadisədir. Onun seçdiyi mükafatçılar öz dəyəri ilə seçilirlər”.
Mükafat haqqında "Vektor" Beynəlxalq Elmlər Akademiyasının prezidenti, şair, professor Elçin İsgəndərzadə məlumat verib. O deyib ki, Şahmar Əkbərzadə adına Beynəlxalq ədəbiyyat mükafatı artıq 23-cü ildir ki, il ərzində uğurlu fəaliyyət göstərmiş qələm adamlarına verilir: “Bugünki görüşün təşkilinə görə Azərbaycan Yazıçılar Birliyinə xüsusi təşəkkürümü bildirirəm. Şahmar müəllimi bu millətin ən böyük sərvətlərindən biri hesab edirəm. 2003-cü ildə görkəmli şairin adına təsis etdiyimiz mükafat beynəlxalq status aldı. Bu vaxtadək Şahmar Əkbərzadə adına Beynəlxalq Mükafata layiq görülənlər sırasında görkəmli şəxsiyyətlər var. Eyni zamanda, bu tədbirdə keçən ilki mükafatçıların çap etdiyimiz kitablarını da oxuculara ərməğan edəcəyik.
Daha sonra diplomlar sahiblərinə təqdim olunub.
Bu il Şahmar Əkbərzadə adına Beynəlxalq ədəbiyyat mükafatına Niels Havf (Danimarka), Adil Cəmil, Zemfira Məhərrəmli, Şəhanə Müşfiq və Gülnar Ümid layiq görülüblər.
Daha sonra professor Elçin İsgəndərzadə Güney Azərbaycandan gəlmiş, dünya şöhrətli müğənni, Azərbaycan xalq mahnılarının mahir ifaçısı və təbliğatçısı Parisa xanım Arsalanini tədbir iştirakçılarına təqdim etmiş, onun haqqında ətraflı məlumat verərək Parisa xanıma "VEKTOR” Beynəlxalq Elmlər Akademiyasının Fəxri Professoru ünvanını təqdim etmişdir.
Daha sonra çıxış edənlərdən Yusif Nəğməkar, Zemfira Məhərrəmli, Qəşəm Nəcəfzadə, Dayandur Sevgin, Kənan Hacı və başqaları Şahmar Əkbərzadənin yaradıcılığından söz açıb, mükafatçıları təbrik ediblər.