Course Image

KOREYALI TÜRKOLOQ VEKTOR BEA-nın FƏXRİ DOKTORU SEÇİLİB

  • Tarix 2021-01-16 18:10:15

“Vektor” Beynəlxalq Elmlər Akademiyası tanınmış Koreyalı türkoloq, professor Eunkyung Ohu Fəxri Doktor diplomu ilə təltif edib. Koreyalı türkoloq bu yüksək mükafata Azərbaycan və bütövlükdə türk xalqları ədəbiyyatının tədqiqi, təbliği və tərcüməsindəki fəaliyyətinə görə layiq görülüb.
Eunkyung Oh Donkduk Qadınlar Universitetinin professoru, Avrasiya Türk Araşdırmaları İnstitutunun direktoru, ingiliscə yayınlanan “Avrasiya Türkoloji Araşdırmalar” dərgisinin baş redaktoru, YUNESKO-nun Orta Asiya ölkələri üzrə təmsilçisi, Özbəkistan Elmlər Akademiyasının üzvü, nazir səviyyəsində Koreya prezidentinin müşaviridir. 
Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü olan müəllifin nəşr olunmuş elmi araşdırmaları içərisində “Türk ədəbiyyatında Koreya savaşı” (türkcə), “XX yüzil Türkiyə və Koreya ədəbiyyatında qadın” (türkçə), “Örtü içində islam qadını”, “Psixo analitik baxımdan islamda qadın kimi yaşamaq” (Koreya dilində), “Türkiyə və Koreya qəhrəmanlıq dastanlarının müqayisəli təhlili: “Alpamış” və “Jumong” (özbəkcə və rusca)  kitabları xüsusi yer tutur.
Eunkyung Oh, Yaşar Kamalın “İlanı öldürsələr”, “Ağrı dağı əfsanəsi”, “Minboğalar əfsanəsi”, “İncə Məmməd”, Murad Tuncelin “İnanna” romanlarını, Bəxtiyar Vahabzadənin “Gülüstan”  adlı şeirlər və poemalar toplusunu Koreya dilinə tərcümə etmişdir.  O, eyni zamanda, Koreya ədəbiyyatının bir çox görkəmli sənətkarlarının əsərlərini müxtəlif türk dillərinə çevirmişdir.
Onun “XX yüzil Türkiyə və Koreya ədəbiyyatında qadın” monoqrafiyası 2020-ci ildə Azərbaycanda nəşr olunmuşdur. Həmin kitaba görə müəllif  AMEA-nın N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun “İlin alimi” adına layiq görülüb.
Eunkyung Oh ictimai fəaliyyətlə də məşğul olmaqdadır. Onun araşdır-mala¬rında Dağlıq Qarabağ problemində Azərbaycanın ədalətli mövqeyi müdafiə olunur, 20 Yanvar və Xocalı faciələrinin gerçək mahiyyəti aşkarlanır. Qarabağın işğaldan azad edilməsi uğrunda aparılan 44 günlük savaş dönəmində o, Koreya mətbuatında erməni şovinistlərinin yalanlarını, beynəlxalq ictimaiyyəti aldatmaq cəhdlərini aşkara çıxaran, fakt və sənədlərə söykənən elmi məqalələrlə çıxış etmişdir.

Türk xalqlarının əksəriyyətinin dillərini mükəmməl şəkildə bilən tədqiqatçı çoxsaylı araşdırmalarla yanaşı, bu xalqların həyatından bəhs edən sənədli filmlərin müəllifidir.
Hazırda onun redaktorluğu ilə Koreya dilində Türk Dünyası Ensiklopediyası nəşrə hazırlanır.